MRT müayinəsinə qəbul necə aparılır?
MRT və KT şöbəsində müayinədən keçmək üçün əvvəlcədən növbəyə yazılmaq lazımdır.
Müayinəyə gələn xəstələr özləri ilə şəxsiyyət vəsiqəsini, üzərində adı və soyadı oxunaqlı şəkildə yazılmış 1 ədən boş disk (CD) və varsa, əvvəlki tomoqrafiya müayinələrinin disk və rəylərini səliqəli şəkildə bir qovluqda gətirməlidirlər. Hamilə qadınlar müayinədən əvvəl mütləq şöbənin tibb personalına bu haqda məlumat verməlidirlər.
MRT müayinəsindən keçmək kimlərə olmaz və ya kimlərə xüsusi nəzarət altında MRT müayinəsini aparmaq lazımdır?
Həyat təhlükəsizliyinizi qorumaq üçün bədəninizdə metal rekonstruksiya (implant, protez, kava filtr və s.) olan şəxslər müayinədən əvvəl bu haqda mütləq şöbənin əməkdaşlarına məlumat verməlidirlər. Əks halda müayinə zamanı xəstə ciddi xəsarət ala bilər. Ürəyində süni ürək aparatı olan xəstələrə, bədənində ferromaqnit metal olan xəstələrə MRT müayinəsindən keçmək olmaz. Unutmayın, dəmir tərkibli əşyalarla MRT cihazının quraşdırldığı otağa daxil olmaq qəti qadağandır və çox təhlükəlidir.
MRT müayinəsi necə keçir?
MRT müayinəsi zamanı ionlaşan şüalanma olmadığına görə ortalama 30-45 dəqiqə davam edə bilər. Müayinə vaxtı üzərinizdə dəmir əşyalar, düymələr, sancaqlar, saat, telefon və d. aksesuarlar olmamalıdır. MRT müayinəsi zamanı siz fərqli səslər (maqnit səsləri) eşidəcəksiniz. Müayinə zamanı hərəkət etmək görüntü keyfiyyətini aşağı salır. Ehtiyac hallarında müayinə vaxtı sizə damardaxili və ya içməli kontrast maddə təyin oluna bilər. Əgər əvvəllər sizə kontrastlı müayinə aparılıbsa və sizdə buna qarşı allergik reaksiya baş veribsə mütləq bu haqda bizə xəbər edin. Kontrast maddə allergik reaksiya verə bilər.
MRT müayinəsindən keçməzdən əvvəl nə etməliyəm?
MRT müayinəsindən keçməzdən öncə üzərinizdə dəmir tərkibli əşyalar (zinət əşyaları, telefon, açar, alışqan, sancaq, qayış, qəpik, plastik kartlar və s.) olmamalıdır. Arzu edən xəstələr özləri ilə dəmir düyməsi və ya dəmir zamoku olmayan sadə dəyişək paltar gətirə bilərlər. Qiymətli əşyalarınızı özünüzlə gətirməyin və ya yanınızda gələn yaxınınıza verin. İtən qiymətli əşyalara görə məsuliyyət daşımırıq.
Xərəkdə və ya əlil arabasında olan xəstələr MRT cihazının quraşdırıldığı otağa necə qəbul olunur?
Xərəkdə və ya arabada olan xəstələr MRT cihazının quraşdırıldığı otağa xərək ilə və ya əlil arabası ilə qətiyyən yaxınlaşdırılmamalıdırlar. Çünkü xərək və əlil arabası metaldan hazırlanıb və xəstəyə ciddi xəsarət verə bilər. Bunun üçün bizim əməkdaşlar xəstəni xüsusi qaydada MRT otağına aparıb müayinəsini icra edəcəklər.
Qapalı mühitdən qorxan xəstələrə hansı qaydada MRT müayinəsi icra olunur?
Klaustrofobiyası olan (qapalı mühitdən qorxan) xəstələr bu haqda əməkdaşlara əvvəlcədən məlumat verməlidirlər və belə xəstələrə yüngül sedasiya altında baxıla bilər. Bunun üçün əvvəlcədən müvafiq mütəxəssislərlə danışmaq və vaxt təyin etmək lazımdır. Belə olduqda xəstələr müayinəyə tam ac qarına gəlməlidirlər.
Gözləmə salonunda özümüzü necə aparmalıyıq?
Gözləmə salonunda səssizliyə riayət etmək lazımdır. Bəzən təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələri növbədən kənar qəbul etməli olduğumuz üçün sizə təyin olunan müayinə vaxtında gecikmələr ola bilər. Təəssüf ki, bunu əvvəlcədən təxmin etmək olmur. Bunun üçün təmkinli olmağınızı xahiş edirik. Gözləmə salonunda sevdiyiniz kitabı və ya qəzeti və ya internetdən hər hansı bir maraqlı maarifləndirici məqaləni oxumaqla vaxtınızı səmərəli şəkildə keçirə bilərsiz. Nəzərinizdə qalsın ki, bəzən MRT cihazlarında ani baş verən nasazlıqlar müayinələrin icra oluna bilməməsinə səbəb ola bilər.
Müayinə nəticələri nə zaman hazır olur və necə əldə edə bilərik?
Müayinənizin nəticələri 1 iş günündən sonra saat 14:00-da sizi müayinəyə göndərən Milli Onkoloji Mərkəzin həkiminə avtomatik qaydada göndəriləcəkdir. Müayinə nəticələri diaqnoz deyil və yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən sizin üçün şərh olunmalıdır. Müayinəniz bitdikdən sonra MRT nəticələrinizi şərh edən həkim Radioloq bəzi istisna hallarda sizə zəng edərək sizi təkrar müayinəyə çağıra bilər. Bunun üçün xahiş edirik əlaqə telefonlarınızı qeydiyyatdan keçərkən bizə bildirməyi unutmayın.
Ümumilikdə MRT müayinəsindən əvvəl hər hansı bir hazırlıq lazımdırmı?
MRT müayinəsi üçün ümumilikdə əvvəlcədən heç bir hazırlıq lazım deyil.
Hansı xüsusi hallarda MRT müayinəsindən əvvəl yüngül hazırlığa ehtiyac vardır?
1. Prostat xərçənginə şübhə olan xəstələr müayinədən əvvəl düz bağırsaqdan nəcis və havanı təmizləməlidirlər. Düz bağırsağın nəcis və havadan təmizlənməsi müayinənin daha keyfiyyətli olmasına səbəb olacaq. Bunun üçün siz birdəfəlik istifadə üçün apteklərdə mövcud olan imalə və nazik sidik kateteri əldə edərək özünüz tualetdə havanı çıxara bilərsiz. Bağırsaq peristaltikasını azaldaraq görüntülərin hərəkət artefaktlarından təhrif olunmasını minimuma endirmək üçün bəzi hallarda sizə müayinədən əvvəl venadaxili və ya əzələ daxili Buscopan iynəsi təyin oluna bilər. Xahiş edirik belə hallarda evdə Buscopan iynəsinin instruksiyasını internetdən tapın oxuyun və səhhətinizdə mövcud olan və bu iynənin istifadəsinə əks göstəriş olan hallarınızı bizə bildirin.
2. MRCP - maqnit rezonans xolangiopankreatoqrafiya müayinəsi tələb olunan xəstələr müayinəyə tam ac qarına gəlmələri daha məqsədə uyğundur. Bu rekonstruksiya görüntülərinin keyfiyyətli alınmasına gətirib çıxaracaqdır.
3. Mədənin ac qarına qiymətləndirilməsi üçün müayinədən 5 dəqiqə əvvəl 1.5 litr qazsız su içərək müayinə otağına keçə bilərsiz. Bu şərt deyil, istəyə bağlıdır.
MRT müayinəsi zamanı mən nə hiss edəcəm?
Müayinə olunacaq nahiyənin ətrafına siqnalın gücləndirilməsi məqsədi ilə və MRT cihazına əlavə radiodalğa göndərən və qəbul edən köməkçi ölçü cihazı yerləşdirilir (measuring coil “ing“). Daha sonra xəstə xüsusi avtomatlaşdırılmış, kənardan idarə olunan hərəkətli masa ilə MRT qurğusuna (“boruya”) daxil edilir və radio dalğalarına bənzər elektromaqnit impulslarından istifadə edərək, orqanizmin bu və ya digər hissələri müxtəlif rejimlərdə və istiqamətlərdə (aksial, sagital, koronal kəsiklər) müayinə olunur. Müayinə müddəti tədqiq olunan nahiyədən asılı olaraq 30-45 dəq. və ya daha çox davam edə bilər. Müayinə zamanı mümkün qədər hərəkətsizliyinizi təmin etməniz və müayinə zamanı həkimin sizə verdiyi nəfəs tutma komandalarına düzgün əməl etməyiniz və metal əşyalarınızı soyunma otağında saxlamağınız müayinənizin daha yüksək keyfiyyətli olmasına gətirib çıxaracaq.
Dr Anar Kazimov
Youtube kanalımız